
"Çətin oyunun olacağını bilirdik".
Sportnet.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Səbail"ə 0:1 hesabı ilə qalib gəldikləri oyundan sonra CBC Sport-a açıqlamasında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, təbii meydandan süniyə keçmələri də çətinlik yaradıb.
"Çoxsaylı epizodlardan yararlana bilməsək də, penalti ilə istəyimizə çatdıq. Futbolçularımızı nə qədər irəli çağırsaq da, komandamızın nəticəyə oynaması normal idi. Uduzduğumuz matçlarda da komandamızdan istəyimizi ala bilirdik", deyə o vurğulayıb.
Baxşıyev iyunun 3-də "Bakcell Arena"da "Neftçi" ilə keçirəcəkləri final oyunundan gözləntilərini də açıqlayıb: "Hər bir komanda üçün finalda oynamaq arzudur. Şadam ki, bu şansı qazandıq. Finaladək hələ çox var. Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq".