"Fənərbaxça"nın baş məşqçisi Jorje Jesus vəzifəsindən istefa verib.
Sportnet.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis Türkiyə kubokunun finalında "Başakşehir"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib:
“Bu kubok həm “Fənərbaxça”, həm də şəxsən mənim üçün vacibdir. Sondan əvvəlki tura qədər liqada mübarizəmizi davam etdirdik. Mən prezidentimizə Türkiyədə işləmək imkanına görə, eləcə də dəstək olan azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların sevgisini hər matçda hiss etdim. Bunu ona görə deyirəm ki, vidalaşmaq istəyirəm. Bu gündən etibarən mən artıq “Fənərbaxça”nın məşqçisi deyiləm. Mən bunu bir neçə həftə əvvəl prezidentə dedim və potensial əvəzetmə ilə bağlı bəzi məsləhətlər verdim.
Mən türk xalqına çox minnətdaram, onlar cəsur və gözəl insanlardır. Ümid edirəm ki, nə vaxtsa sizi yenidən görəcəyəm.
Amma mən bu qərarı verdim. Portuqaliyaya gedəcəyəm. Hələ gələcəyimlə bağlı qərar verməmişəm".
Qeyd edək ki, J.Jesus ötən ilin iyunundan İstanbul klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda Türkiyə Superliqasını 2-ci pillədə başa vurub.