
“İcraiyyə Komitəsinin iclası əla keçdi. Bir azdan bu barədə ətraflı məlumat veriləcək”.
Sportnet.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov komitənin iclasından sonra jurnalislərə açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə futbolun inkişaf etdirilməsi ilə bağlı proqram hazırlanacaq: “İclasda bir çox məsələlər müzakirə olundu. İlk növbədə mənim üçün xoşagələn məqam işğaldan azad olunmuş ərazilərdə futbolun necə inkişaf etdirilməsi barədə aparılan müzakirələr idi. Artıq razılığa gəlmişik ki, Füzuli və Cəbrayılda komanda yaradılsın. İşğaldan azad olunmuş ərazilər minadan tam təmizləndikdən sonra, məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra Zəngilanda da, Kəlcəbərdə də, Laçında da futbol klubları yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə futbolun inkişaf etdirilməsi ilə bağlı AFFA-ya tapşırıq verilib”.