Azərbaycan Kubokunun 1/8 finalında MOİK Xankəndi şəhər stadionunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikirlərini bölüşüb:
Hər birinizi təbrik edirəm. İdman jurnalistləri önünə Xankəndi stadionunda çıxıram. Çox həyəcanlıyam. Heç kim inana bilmirdi ki, oyunumuz burada keçirilə bilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Oyundan çox burada başqa söhbətlər gedirdi. Motivasiya istər-istəməz aşağı idi. MOİK sonadək mübarizə apardı. Futbolçularımı təbrik edirəm.
Düzü, rəqibdən belə oyun gözləmirdim. Amma çox yaxşı müdafiə olunaraq, əks-hücumda yaxşı oynadıqlarını bilirdim. Ola bilsin, futbolçularım buna hazır deyildi.
Biz oyunlarımızı burada keçirmək istərdik. Finala kimi belə davam etmək niyyətindəyik. Bəlkə belə bir addım atılacaq.
Cənab Prezidentin əsl azərbaycanlı kimi xüsusiyyəti var. Keçmiş var-dövlətimizi, o cümlədən, "İmarət" stadionunu geri qaytarmaq istəyir. Stadion hazır olandan sonra məmnuniyyətlə orada oynayarıq.
Riçard Almeyda başından zədə aldı, ona görə oyunu davam etdirə bilmədi.
MOİK-in ilk oyunda belə mübarizə aparması gələcəyə ümid verir. Ola bilsin, klub rəhbərliyi də diqqəti daha da çoxalsın.
Hazırda rəqiblərimizi Bakıda qəbul edirik. Gələcək planlar barədə stadion hazır olduqdan sonra fikir bildirə bilərik. Klub olaraq, həmişə istəmişik li, düzgün yol seçək və yaxşı nəticələr əldə edək. Gələcəkdə elə bir qərar veriləcək ki, problem olmasın.
"Qarabağ" adı bizi həmişə məsuliyyətli edib. Torpaqlarımızın geri qayıtması bizi motivasiya edəcəyi anlamına gəlməməlidir. Şəhidlərimizi heç vaxt yaddan çıxarmayacağıq. Çünki torpaqlarımız bizdə olsa da, onlar burda yoxdur.
Futbolçularım arasında heç bir fərq qoymuram. Onların qol vurmaları özlərini məsuliyyətli edir və məni sevindirir.
Stadionda hər şey standartlara uyğundur. Sadəcə, meydança sünidir. Daha yaxşı vəziyyətdə olsa, hamı üçün sərfəli və baxımlı sayılar. Amma biz meydançanı düşünməyək və futbolçular üçün topla davranmaq baxımından nə qədər xoş olmasa da, buna göz yumacağıq. Məncə, gələcəkdə meydanın örtüyünün dəyişdirilməsi hər zaman planda olacaq".