
“Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Çox yaxşı oynadılar. Zədəlilərimiz var idi, sistemimizi dəyişmişdik. Futbolçularımın udmaq istəyini gördüm. Rəqibi təbrik edir, qarşıdakı matçlarda uğurlar arzulayıram”.
Sportnet.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Doqquz gündə eyni rəqiblə 3-cü dəfə oynamaq yorucu oldu?
- Zərrə qədər də yorucu olmadı. “Neftçi” digər oyunları da bu heyətlə oynamışdı. Oyun üslubu da eyni idi. Məşqçilər olaraq çətinlik çəkmədik. Uşaqların bu üç oyunu eyni tonusda saxlaması çox xoş idi.
- Kubokdan kənarda qaldığınıza görə işinizdə yüngüllük olacaq?
- Olacaq. İki gün bərpaya getsə, cəmi bir günümüz qalacaq. Özü də vacib oyuna çıxacağıq. Hər şey bu oyunla bitməyəcək.
- Mərhələni keçə bilməməyinizi nəyə bağlayırsınız? Hakimlikdən razı qaldınız?
- Heç nəyə bağlamırıq. Səmimi olmağa çalışıram. Rəqibi təbrik edirəm. Sadəcə, birinci oyundakı səhvlərimiz vəziyyəti bu yerə çatdırdı. Bu matçı da çıxara bilərdik. Başabaş oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oynadığımız göründü. "Sumqayıt" bu yolu tutubsa, qələbə də, məğlubiyyət də olacaq. Yeni komanda üçün çətindir. Komandam bu cür oynamağa başlasa, rəqiblərə də çətin olar.
- Bəzi epizodlarda hakim oyunu saxlayırdı. Halbuki əks-hücumlara çıxa bilərdiniz...
- Doğrudur. Dördüncü hakimə minnətdaram. Çox anlayışlı idi. İlk dəfə idi ki, etdiyim etirazlara hakim razılıq verirdi.
- Transfer pəncərəsi artıq bağlandı. Demişdiniz ki, axtarışdayıq. Azad agent olan futbolçularla danışıqlar davam etdirilir?
- Çox çətin durumdayıq. O qədər oyunçu təklif edilir ki. Skandinaviya ölkələrində liqa noyabrda bitib. Fiziki durumları bizə kömək edəcək? Axtarışdayıq. Bura gəlməmişdən qabaq iki oyunçuya təklif göndərmişdilər, baxa bilmədik. Amma yenə baxacağıq. Kasad heyətlə problemlər yaşaya bilərik. İlin əvvəlində bu problemlər gözə görünmürdü. Amma getdikcə nəzərə çarpacaq. Bütün komandalar mübarizə aparır. Problem yaşayacağıq. Amma transfer alınmasa belə, təslim olmayacağıq.
- Çempionat matçından sonra bildirmişdiniz ki, futbolçular oyunu çıxaracaqlarına söz verib. Həmin söz bu oyundan qabaq da verilmişdi?
- Ad günü ərəfəsi idi. Uşaqlar da kubok oyununda 2 qol vurduqdan sonra motivasiyalı idi. Stadion təmirdən çıxmışdı, oyunumuza çox adam gələcəkdi, yükləmişdik onları. Onlar da bizə söz vermişdi. Həmin oyunu futbolçular çıxardı. Amma məşqçi işi də ortaya çıxmalıdır. Əfsuslar ki, bunu edə bilmədim.