"Qarabağ" UEFA Avropa Liqasında növbəti matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsinin cavab oyununda Almaniyada "Bayer"in qonağı olub.
İlk hissədə qapılara qol vurulmayıb. Hesabı 58-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Abdullah Zubir açıb. Qoldan 5 dəqiqə sonra "köhlən atlar" azlıqda qalıblar. Elvin Cəfərquliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qarabağ" 2-ci topu rəqibin qapısından keçirməyi bacarıb. Bu dəfə sağ cinahdan Marko Veşoviçin ötürməsini Juninyo dəqiq zərbə ilə tamamlayıb. Meydan sahibləri 72-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Ceremi Frimponq fərqi azaldıb. Daha sonra səhnəyə ikinci hissədə meydana daxil olan Patrik Şik çıxıb. Bakıdakı ilk matçda komandasını məğlubiyyətdən qurtaran çexiyalı hücumçu cavab görüşündə də xilaskar rolunu oynayıb. Əsas vaxta əlavə olunmuş 3 və 7-ci dəqiqələrdə fərqlənən forvard dramatik oyunda "Bayer"ə əzmkar qələbə qazandırıb - 3:2.
Beləliklə, ilk oyunda "Bayer"lə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən avrokuboklarla vidalaşıb.
Avropa Liqası
1/8 final, cavab oyunu
15 mart
00:00. "Bayer" - "Qarabağ" - 3:2
Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 - Abdullah Zubir, 58. Juninyo, 67
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63 ("Qarabağ")
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun - 2:2.