“Qarabağ”la cavab oyununun birinci hissəsində mövsümün ən zəif “Bayer 04”nü izlədim.
Sportnet.az xəbər verir ki, bunu Çexiya millisinin sabiq futbolçusu David Yarolim Almaniyanın “Bayer 04” klubunun UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la Leverkuzendə keçirdiyi oyun barədə danışarkən deyib.
Almaniyada “Bavariya” “Nürnberq” və “Hamburq” klublarının formasını geyinmiş 44 yaşlı keçmiş yarımmüdafiəçi “Bayer 04”ün bu mövsüm Bundesliqada çempionluğa layiq olduğunu düşünür: “Bu komanda “Qarabağ”la ev matçında heyrətamiz geridönüş edərək qələbə qazandı. Bu həm də “Bayer 04”ün nəhəng gücünü göstərir. Onların oyun üslubu ən xırda detala qədər balanslaşdırılıb. Mövsümün son mərhələsində baş məşqçi Xabi Alonsonun üç cəbhədə mübarizəni necə idarə edəcəyini görmək mənə maraqlıdır. Bu komanda çıxışı ilə yer aldığı turnirlərin qalibi olmağa layiqdir”.
Qeyd edək ki, “Bayer 04” iki oyunun cəmində “Qarabağ”ı 5:4 (2:2, 3:2) hesabı ilə üstələyərək, 1/4 finala yüksəlib. Almanların bu mərhələdəki rəqibi İngiltərə təmsilçisi “Vest Hem” olacaq.