"Şamaxı"nı bir xala görə təbrik edirəm. Oyunun taleyini birinci hissədə həll etməliydik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın çərçivəyə iki zərbəsi oldu, onlar da qolla nəticələndi".
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın ilk turunun “Şamaxı” ilə görüşündən (2:2) sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- “Sabah”ın müdafiədə bu qədər səhvlərə yol verməsinin, “Şamaxı”dan iki qol buraxmasının səbəbləri nədir?
- Bir şeyi nəzərə almaq lazımdır ki, “Makkabi” ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental olaraq çox yorulmuşdular. Dünyada da belədir, bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündür.
- Onda belə çıxır ki, hazırkı heyət həm avrokuboklarda, həm də daxili oyunlarda oynamaq üçün yetərli deyil?
- Bəhanələrə sığınmaq istəməzdim. Bu gün qırmızı vərəqəyə və zədələrə görə oyunu buraxan futbolçularımız var idi. Az şans qazanan oyunçular meydana çıxdı. Onların da performansından razı qaldım. İlk "onbirlik"də birdən-birə 6-7 oyunçu dəyişmək çətindir. Amma başqa variantımız yox idi.
- Qarşıda sizi “Sent-Patriks”ə qarşı İrlandiyada səfər oyunu, daha sonra çempionatda önəmli görüş gözləyir. Mövsümün əvvəlində itirilən xallar sonda qızıldan da qiymətli olacaq...
- Biz elə danışmayaq ki, sanki sezon bitir. Onsuz da hamı xal itirərəck. Hələ mövsümün əvvəlidir. Gələcəyə oyun-oyun yanaşsaq, daha yaxşıdır. Çünki sabah və ya 7 gündən sonra nə baş verəcəyini bilmirik.