Azərbaycan futzal yığmasının kapitanı Rizvan Fərzəliyevin Sportnet.az-a müsahibəsi
- Dünya çempionatının "pley-off" mərhələsində Hollandiya yığması ilə səfər oyununa hazırlıq necə gedir?
- Hazırlığa martın 7-dən başladıq. İlk olaraq, Bakıda təlim-məşq toplanışında olduq. Gündə 2 dəfə olmaqla, məşq etdik. Martın 18-dən hazırlığımızı Hollandiyada davam etdiririk. Məşqlər artıq başa çatmaq üzrərdir. Əhval-ruhiyyə yüksək səviyyədir. Hollandiya ilə oyuna tam hazırlıqlı çıxacağıq.
- İlk matç üçün qarşıda duran vəzifə nədir?
- Vətənə maksimum nəticə ilə qayıtmağa çalışacağıq. İlk oyunda layiqli nəticə əldə etməyə səy göstərəcəyik. Bununla da ikinci oyunda öz meydanımızda üstünlük əldə edərək, dünya çempionatına vəsiqə qazanacağıq.
- Baş məşqçinin oyunçulara əsas tapşırığı nədir?
- Məşq prosesimiz rəqibi əks-hücumda yaxalamaq, istədiyimiz vaxt pressinq etmək, təkbətək oyuna üstünlük vermək üzərində qurulub. Rəqibin heyətindəkilərin çoxu Mərakeş əsilli oyunçulardır. Onlar da fərdi oyuna üstünlük verirlər. Kollektiv oyunları elə də yaxşı deyil. Ancaq təkbətək mübarizədə üstünlük əldə etməklə və rəqibi əks-hücumda tutmaqla, istəyimizə çata bilərik.
- Bəs bizim zəif cəhətlərimiz nədir? Müdafiə xəttimizdə boşluqlar var...
- Avropa çempionatında öz səhvlərimiz ucbatından məğlub olduq. Bu dəfə səhvlərimizi minimal səviyyəyə endirərək, rəqibi yenməyə çalışacağıq.
- Şansları necə dəyərləndirərdin?
- 50-nin 50-yə. Heç kimi favorit adlandırmazdım. Düzdür, favorit bizi sayırlar. Çünki Azərbaycan qrupdan 1-ci, Hollandoya 2-ci yerdən çıxıb. Ancaq bu, oyundur. Rəqibə də qiymət veririk. Şanslar bərabərdir. Çalışacağıq ki, ilk oyundan sonra üstünlük bizim tərəfdə olsun.
- İlk oyunun səfərdə olması xeyrimizə, yoxsa zərərimizədir?
- Bu amilin xeyirli və ya zərərli olduğunu demək omaz. İlk oyunu səfərdə keçirmək ona görə bizə üstünlük verir ki, rəqibi tam tanıyacağıq. Bu zaman üstün və zəif cəhətlər üzərində işləyib, dünya çempionatına vəsiqə qazana bilərik.
- Hollandiyadakı oyun Novruz bayramına düşür. Xalqımıza ikiqat bayram yaşatmaq üçün bütün səyləri birləşdirmək lazım gələcək...
- Əlbəttə. Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramıdır. Çalışacağıq ki, martın 22-də bayrama bayram qataq, azarkeşlərimizi, bütün bizi izləyənləri layiqli nəticə ilə sevindirək.