Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının iştirakçılarından olan Hollandiya milli komandasının baş məşqçisi Kes van Vonderenin Sportnet.az-a müsahibəsi
- Hollandiya millisi Avropa çempionatında "ölüm qrupu”na düşüb. Növbəti mərhələyə yüksəlmə şanslarınızı necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, bütün qrupların tərkibi güclüdür. Bizim üçün maraqlı oyunlar olacaq. Azarkeşlər də gərgin, həyəcanlı qarşılaşmalara şahidlik edəcəklər.
- Komandanızın məqsədi nədir?
- Məqsədimiz qrupdakı ilk 2 yerdən birini tutmaqdır. Fərq etməz, 1-ci, yaxud 2-ci yer.
- Bu turnirdə qarşınıza hansı tapşırıq qoyulub?
- Əvvəlcə çempionatın iştirakçısı olmağı arzulayırdıq. Məqsədimizə çatdıq və buna görə çox şadıq. Oyunçularım bu yarışda təcrübə qazanacaq. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. 1/4 finala və ya yarımfinala yüksəlib-yüksəlməyəcəyimizi zaman göstərəcək.
- Vaqif Cavadovu xatırlayırsınız? Vaxtilə "Tvente”də köməkçi-məşqçi kimi işlədiyiniz vaxt onunla çalışmısınız...
- Hə, yadıma düşdü. Xatırlayıram. Çox yaxşı oyunçu idi. "Tvente”də çıxış edirdi. Hazırda o Azərbaycandadır?
- Bəli.
- Biz onunla görüşə bilərik?
- Təbii ki.
- Onunla görüşmək çox yaxşı olardı. Hansı klubda oynayır?
- "Sumqayıt”da...
- Lap yaxşı.
- Cavadov "Tvente”yə böyük ümidlərlə yollansa da, orada möhkəmlənə bilmədi. Problem nədə idi?
- Onun üçün komandaya uyğunlaşmaq çətin idi. Ölkələr arasındakı fərq, dil və s. problemlər ona maneə yaradırdı. Amma məşqlərdə özünü daim yaxşı tərəfdən göstərirdi. Çalışqan futbolçu idi.