Azərbaycan Gimnastika Federasiyası tamaşaçılara Yeni il şousu təqdim edib.
Sportnet.az-ın məlumatına görə, builki şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanıb.
Milli Gimnastika Arenasında təşkil olunan şoudan əvvəl fiziki imkanları məhdud uşaqların çıxışı olub. Şounun süjet xəttinin əsasını Tarik və dostlarının sehrbazlıq biliklərinə yiyələnməsi, macəra axtarışında sehrli idman aləminə səyahəti və ən böyük ovsunun elə dostluğun gücü olması təşkil edib. Gimnastika növləri üzrə yığma komandaların üzvlərinin canlandırdığı hekayədə əsas qəhrəman Tarik Gimmasterin həyatı o, sehr və çevikliyi öyrənmək üçün Gimnastika Arenasına qəbul edildiyi zaman tamamilə dəyişir. Tarik və onun Arenada tanış olduğu etibarlı dostları Həmidə və Rauf sehrli idman dünyasında inanılmaz və ecazkar macəralar aləminə səyahətə çıxırlar. Onları müxtəlif gimnastika növlərində maraqlı sərgüzəştlər və şən sehrbazlıq dərsləri gözləyib. Sonda isə onlar anlayacaqlar ki, idmanda ən qüvvətli sehrbazlığın gücü dostluğun gücüdür.
Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edən xoş musiqilər və şou iştirakçılarının çox maraqlı nümayişləri tamaşaçıları Tarik Gimmasterin sehr və ovsun dolu aləminə səyahət etdirib.