Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 2-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, 8-10 yaşlı gimnastlarla işləyənlər üçün nəzərdə tutulan kurslarda “Ocaq Sport” klubunu təmsil edən və müstəqil şəkildə fəaliyyət göstərən 9 mütəxəssis iştirak edir.
Bolqarıstanlı beynəlxalq dərəcəli məşqçi Desislava Boquşevanın rəhbərliyi altında keçirilən kurslara birinci mərhələni uğurla başa vurmuş şəxslər qatılıblar.
Kursların nəzəri və təcrübi hissəsi aerobika gimnastikasında addımların quruluşu, artistizmin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, çətinlik elementlərinin metodologiyası, xoreoqrafiya, tibb, psixologiya və s. mövzularını əhatə edir.
Aprelin 12-nə qədər davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər.
Kurs iştirakçıları bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.