Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunur.
Sportnet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti bu günə kimi uzadıb.
Qeyd edək ki, işğalçı Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.