Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanan Uşangi Kokauri birifinq keçirib.
26 yaşlı idmançı Sportnet.az-ın da suallarını cavablandırıb.
- Hansı hissləri keçirirsiniz?
- Medal qazandığım üçün şadam. Çoxdandır medalım yox idi. Finala çıxacağımı gözləmirdim. Məşqçimizlə birgə hazırlaşmışdım. Amma finalda nə isə alınmadı. İşləməyə davam edəcəyik.
- Görüşün gedişində rəqibə fənd atdınız. Amma sizə xal verilmədi? Sanki daha sonra yoruldunuz...
- Bəli yoruldum. Sonra isə səhvlərə yol verdim. Nəticədə məğlubiyyətlə üzləşdim.
- Həmin epizodda saxlama fəndini yerinə yetirməyə nə mane oldu?
- Rəqib kifayət qədər güclüdür. Buna görə də saxlama fəndindən çıxa bildi. Onu yaxşı saxlaya bilmədim. O, çevrilməyi bacardı.
- Rəqibinin gürcüstanlı olması çıxışınızda hansısa rol oynadımı? Bu görüşün gedişinə təsir etdimi?
- Açığı, indiyədək onunla üç dəfə qarşılaşmışdım. Aramızda təmiz idman rəqabəti var. Bu idmandır. Biz də mübarizə aparırdıq.
- Prinsipiallıq var idimi?
- Bəli. Qalib gəlmək istəyirdim. Hər zaman belə görüşlərdən gözləntilər olur.
- Qızıl medal uğrunda yarışacağınızı gözləyirdinizmi?
- Açığı, bunun üçün hazırlaşmışdım. İl ərzində xeyli güc sərf etdik ki, medal qazanaq. Finala yüksələndə gözləntilərim qeyri-adi idi. Hətta dərhal final görüşünə çıxmaq istəyirdim. Hisslərim inanılmaz idi. Final qarşılaşmasını gözləyə bilmirdim.
- Düşünmürsünüz ki, çexiyalı Olimpiya çempionu Lukas Krpalek üzərində qələbə qazandığınız görüş ən yaddaqalan oldu?
- Sizinlə razıyam. O, həqiqətən də, dözümlü idmançıdır. Olimpiya çempionu olub və kifayət qədər güclüdür. Lakin təlim-məşq toplanışlarında ona qalib gəlmişdim. Bu gün də qalib gələcəyimi gözləyirdim. Nəticədə elə də oldu.
- Azərbaycan yığması bir gümüş və bir bürünc medal qazandı. Digər idmançıların çıxışlarını necə dəyərləndirirsiniz?
- Bu barədə bir söz deyə bilmərəm. Suala məşqçilər daha yaxşı cavab verə bilərlər.