"Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtarın sportnet.az-a müsahibəsi
- Klubu qəbul edərkən, kifayət qədər iddialı açıqlamalar verirdiniz. Lakin finişə bir tur qalmış "Rəvan” sonuncu pilləni mühafizə edir...
- Bunun bir sıra obyektiv səbəbi var. Heyət baxımından xeyli korluq çəkdik. Zədələnənlərin sayı-hesabı yox idi. Hər dəfə start heyətində rotasiyalara ehtiyac duyurduq.
- Ötən turda "Sumqayıt” "Qarabağ” üzərində qələbə qazandı. Sizcə, bu, danışılmış oyun idi? Ümumiyyətlə, əsas rəqibinizin yenicə çempion olmuş komanda üzərində qələbə qazanmasında əsas pay sahibi kimi hansı amili göstərərdiniz: AFFA rəhbərliyinin "Sumqayıt” sevdasını, "Qarabağ”ın qeyri-peşəkar münasibətini, yoxsa "Sumqayıt”ın əzmkarlığını?
- Deyə bulmərəm, federasiya nə dərəcədə "Sumqayıt”a himayədarlıq edir. Aqil Məmmədovun komandasında kifayət qədər istedadlı gənc futbolçular toplaşıb. Əzmkarlıqlarına da söz ola bilməz. Lakin istənilən rəqibini sıxmağı bacaran Ağdam təmsilçisi "Sumqayıt”dan daha üstün ifaçılara sahibdir. Bütün hallarda "Qarabağ” çempion adına layiq oyun sərgiləmədi.
- Komandanızın sonuncu pillədən qurtulması üçün 36-cı turda qələbə qazanması ilə yanaşı, "Sumqayıt”ın da məğlub olması gərəkdir...
- Biz üzərimizə düşəni etmək üçün çalışmalıyıq. Başqa sözlə, başlıca məqsədimiz "Bakı”yla görüşdə aktivimizə 3 xal yazmaqdır. "Sumqayıt”ı isə Qəbələ səfəri gözləyir. Yuri Syominin yetirmələri 3-cü pillə uğrunda mübarizə aparırlar. Hesab edirəm ki, "Qəbələ” qalib gəlmək üçün son dəqiqəyədək mübarizə aparacaq və "gənclik şəhəri” təmsilçilərini olduqca çətin 90 dəqiqə gözləyir.
- Nəzərə alsaq ki, paytaxtın eyniadlı klubunun cari mövsümdə heç bir iddiası qalmayıb, "Rəvan”ın qalib gəlmək şansları heç də az görünmür...
- Niyə elə düşünürsünüz ki, biz "Bakı”nın motivasiyasından asılıyıq? Məgər ölkə kubokunda bizə qarşı oynayan həmin "Bakı” deyildi? Xeyr, mən ancaq öz komandama güvənirəm və futbolçularımın daha yaxşı çıxış etməsi barədə düşünürəm.
- Ancaq sonuncu pillədən qurtula bilməməyiniz "Rəvan”ın aşağı dəstəyə yuvarlanmasını şərtləndirəcək...
- Xeyr, bunu heç ağlımdan belə keçirmirəm. Axı AFFA qərar verib ki, bu il elitanı heç kim tərk etməyəcək. Məhz bu açıqlamadan sonra gənclərimizə daha çox şans tanımağa başladım. Şəxsi hesablamalarıma görə bu müddət ərzində 4 xal itirmişik. Yəni, həmin qərar olmasaydı, biz indi 9-cu pillədə qərarlaşmışdıq.
- Axı ədalət prinsipləri var, istənilən halda çempionatda intriqa olması üçün heç olmasa, 1 komanda elitanı tərk etməlidir...
- Siz nə danışırsınız, AFFA ciddi bir qurumdur. Gündə qərarlarını dəyişməyəcəklər ki. Mən həmin qərar səsləndirildikdən sonra nəticəni arxa plana keçirib, gələcək planlar qurmağa başladım, gənclərə daha çox şans verdim.
- Komanda I dəstəyə yuvarlansa, işinizi "Rəvan”da davam etdirmək istəyərsiniz?
- Aşağı liqaya enməyimiz mümkün olan iş deyil. "Rəvan” Premyer Liqada qalacaq. Bu üzdən də olmayacaq bir şeyi müzakirə etməyə zərurət duymuram.
- Amma komandanızın mövcud vəziyyəti əksindən xəbər verir...
- Bir daha deyirəm, mən AFFA-nın ciddi bir qurum olduğuna arxayınam və onların qərarı belədir ki, bu il elitanı heç kim tərk etməyəcək.
- Bəs Premyer Liqada qalacağı təqdirdə necə, "Rəvan”la işbirliyini davam etdirmək istərdiniz?
- Əlbəttə, başladığım işi davam etdirmək istərdim. Ancaq hələ bu mövsüm başa çatmayıb. Çempionatı bitirək, sonra rəhbərliklə görüşüb, gələcək planlar barədə danışa bilərik.