Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi ilk təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 85 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub.
Görüşün ilk hissəsində tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissənin əvvəlində Axlaği bir xal əldə edib. Təhmasibi tezliklə bərabərliyi təmin etsə də, iranlı güləşçi yenidən 2 xal alaraq, önə keçib. Bu dəfə Azərbaycan pəhləvanı fərqi 1-ə endirib. Amma qalan müddətdə onun səyləri nəticə verməyib.
Beləliklə, Təhmasibi olimpiadanı medalsız tamamlayıb.
--------------------------------
19:23. Təhmasibi təsəlliverici görüşdə həmyerlisinə rəqib oldu - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Saman Təhmasibi mübarizəyə başlayıb. Sportnet.az-ın məlumatına görə, iranlı legioner 1/16 finalda rusiyalı Davit Çakvetadze ilə qarşılaşıb.
Görüş ilk hissədə qazandığı 3 xal sayəsində Çakvetadzenin qələbəsi ilə başa çatıb. Bununla belə, Təhmasibi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq. Səbəb rusiyalı güləşçinin finaladək irəliləməsidir.
Qeyd edək ki, təsəlliverici görüşlərə saat 23:00-da start veriləcək. Bu mərhələdə iranlı legionerin ilk rəqibi həmyerlisi Həbibulla Axlaği olacaq.