Gəncə şəhərində idmanın inkişafında xidmətləri olan bir qrup şəxs mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, həmin idmançılar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarındakı yüksək nailiyyətləri qarşılığında təltif olunub.
2012-ci il London olimpiadasının sərbəst güləş üzrə qalibi, "Rio-2016"nın gümüş mükafatçısı Toğrul Əsgərov, cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov, İlk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqiçisi, Əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqiçisi, Əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, mükafatlandırma Avropa Gənclər Festivalının açılış mərasimi çərçivəsində baş tutub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, Millət Vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.