Dekabrın 8-də IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Bakıda 50 ölkədən 71 iştirakçısının qatılacağı "Chef de Mission" Seminarı start götürəcək. Gənclər və İdman Nazirliyindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək seminara İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar, baş katibin müavini Said Abdulqaffar Hussein və ümumilikdə 6 nümayəndə qatılacaq.
Tədbirin keçirilməsində əsas məqsəd İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrin oyunlara təhkim olunan missiya rəhbərləri ilə birgə hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdır. Seminar çərçivəsində Əməliyyat Komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə Missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.
Seminarın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış-bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq.
Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Onlar Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar. Bununla da hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarına və digər suallarına cavab ala biləcəklər.