
Gənclər və İdman Nazirliyi (GİN) fəaliyyətini dayandıran Respublika İdman Tibb Mərkəzi (RİTM) barədə məlumat yayıb.
Sportnet.az xəbər verir ki, qurumun mətbuat katibi Səmayə Məmmədova 1953-cü ildən fəaliyyət göstərən müəssisənin uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşdüyünü söyləyib.
Nazirlik rəsmisi RİTM-in maddi texniki bazasının, tibbi avadanlıqlarının fiziki və mənəvi cəhətdən köhnəldiyini bildirib: "Bu səbəbdən, Mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmazlıqlar yaranıb. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədilə cari ilin yanvar ayından Tibb Mərkəzi təmirə dayandırılıb. Buna baxmayaraq, Mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilib".
"Təmir işləri yekunlaşandan sonra ləğv edilən Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-in nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur" - deyə mətbuat katibi vurğulayıb.