
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Sportnet.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, lakin bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönələn qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.
Belə ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılan axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb.
Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb.