"MDB Oyunları ilk dəfədir keçirilir. Əslində bu yarış keçən il baş tutmalı idi, lakin pandemiya səbəbindən təxirə salındı. Azərbaycan idmançıları Oyunlarda böyük heyətlə iştirak edir".
Bunu Sportnet.az-ın Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov deyib.
Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu bildirib ki, Azərbaycan 16 idman növünün 14-də təmsil olunur. İlk olaraq, mübarizəyə boksçular başlayıblar: "Bu gün 5 boksçumuzdan 2-si qalib gəlib, 2-si uduzub, 1-i isə tezliklə rinqə çıxacaq. Sabah isə güləş yarışları start götürəcək. Ümumilikdə Azərbaycan nümayəndə heyətinin 200-dən çox şəxs yer alıb. Sentyabrın 4-də I MDB Oyunlarının açılışı olacaq. İdmançılarımıza uğurlar arzulayıram".
Yarışlara yeniyetmə və gənc idmançıların qatıldığını xatırladan Mansurovun fikrincə, bu, bir təcrübədir: "Belə turnirlərdə uğur qazanan idmançılar da gələcəkdə yığma komandalarda öz yerlərini tutacaqlar. Yeniyetmə və gənclər arasında belə yarışların çoxluğu idmançılarımız üçün bir o qədər yaxşıdır. İdmançılarımıza uğurlar və qələbələr arzulayıram. MDB Oyunlarına qatılan təmsilçilərimizin hamısı yarışın ciddiliyini başa düşürlər. Ölkəmizə uğur qazanaraq dönəcəklərinə inanıram".
Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.