
Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun komandaların yarışında cütlüklərin qısa proqramında 82,83 xal toplayıblar.
Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus olub. Onlar 12 - 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Bu cütlük Pekin-2022-də isə 82,64 xalla ikinci olub.
Komanda yarışının 3 mərhələsindən sonra ABŞ seçməsi 28 xalla liderdir. 26 xala malik Rusiya ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.