Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında 14-cü yeri tutub.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı idmançı 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub.
Pevtsov ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını triatlonçu 32 dəqiqə 6 saniyəlik nəticə ilə başa vurub.
O, ümumi hesabda 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.