Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlara start verilib.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə qılıncoynatmanın sablya növü üzrə qadınların və şpaqa növü üzrə kişilərin şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Sablyaçı qadınların şəxsi yarışında Palina Kaspiaroviç, şpaqa kişilərin şəxsi yarışında isə Vahab Fətullayev bürünc medal qazanıblar.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Fətullayev yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 4 qələbə ilə bitirən Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında 1/4 finalda Türkiyə təmsilçisinə qalib gəlib. O, gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə Özbəkistan sablyaçısı Gülistan Perdebaevaya 12:15 hesabı ilə uduzub.

























































































