Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində rəqib iranlı Alirza Kərimi olub. Görüş Kəriminin qələbəsi ilə yekunlaşıb. Abakarov 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, gümüş medalla kifayətlənməli olub.
Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyev (65 kq) ilə Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.
Bununla da gün ərzində mübarizə aparan Azərbaycanın 7 güləşçisindən 6-sı fəxri kürsüyə yüksəlməyi bacarıb. Onlardan yalnız Osman İlyasov (97 kq) medalsız qalıb.
------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini vaxtından əvvəl "tuşe" ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.
O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.
---------------------------------------
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnetş.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.
Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.