"2016-cı il Azərbaycan idmanı üçün uğurlu oldu. Ölkəmiz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal sayında dünyada 14-cü oldu. Daha 10 idmançımız ilk 5-liyə daxil olub. Bu da çox yaxşı nəticədir". Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə yeni memorandumun imzalanma mərasimində deyib.
O bildirib ki, nailiyyətləri daha da inkişaf etdirmək üçün gəncləri idmana cəlb etmək lazımdır. Buna isə "Olympic Moves" adlanan hərəkat vasitəsilə nail olmaq mümkündür: "Biz Təhsil Nazirliyi ilə birgə yeni tədbirlər həyata keçirmək istəyirik. Bundan sonra arzu edərdim ki, Azərbaycanın həm də gənc idmançılar ölkəsi olduğunu deyək".
Təhsil naziri və Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov Olimpiya hərəkatında iştirak edən məktəblilərin sayının 100 minə çatdırılacağını bildirib. O, son illər futbol və şahmatın inkişafına dair Dövlət Proqramlarını işləyib hazırdıqlarını xatırladıb. M.Cabbarov "Bizim məktəblərdə 1,4 milyona yaxın şagird təhsil alır. Onların gələcək sağlam həyat tərzinin maarifləndirilməsi üçün geniş imkanlar var. Düşünürəm ki, biz bu istiqamətdə də çalışa bilərik".