1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namiq Abdullayev: "Gözüm qətiyyən arxada qalmayıb" - MÜSAHİBƏ
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev "adalet.az"ın "Fəxri kürsü" rubrikasının qonağı olub. Sportnet.az həmin müsahibənin ən maraqlı məqamlarını təqdim edir...
- Öncə idmana gəlişiniz və karyeranızın ilk illəri barədə danışardınız...
- Uşaqlıqdan idmana böyük həvəsim olub. Əsasən də futbolla yaxından maraqlanmışam. Hətta bir neçə ay futbol məşqlərinə getmişəm. Güləşi mənə qardaşlarım və əmim oğlu Elxan Abdullayev sevdirib. Güləşə gəlişim 1983-cü ilə təsadüf edib. İlk məşqçim isə Vahid Məmmədov olub. O vaxtdan başlayaraq müxtəlif yaş qrupları üzrə keçirilən mötəbər turnirlərdə nailiyyət qazanmışam. Dəfələrlə böyüklər arasında SSRİ çempionatında fərqlənmişəm.
- Məşqlərə yeni başlayan 12 yaşlı Namiq düşünürdümü ki, haçansa bu qədər nailiyyət qazana bilər?
- Təbii ki, idmana yeni başlayan uşaq, yeniyetmə və onun valideynləri ilk olaraq sağlamlıq amilini fikirləşir, nəinki nailiyyət qazanmağı. Mən və mənim valideynlərim də eləcə. Məşqçilərim məndəki potensialı görür və ruhlandırırdılar. İlk vaxtlardan məşq yoldaşlarımın çoxundan fərqlənirdim.
- Bu qədər titullara rəğmən, 38 yaşınızadək karyeranızı davam etdirdiniz. Bu göstərici də nəinki güləşimiz, ümumilikdə Azərbaycan idmanı üçün rekord hesab olunur. Bu yaşadək döşək üzərində olmanızı şərtləndirən əsas amil nə idi?
- İdmana və vətənə olan sevgi. Karyeramın ilk illəri elə bir dövrə təsadüf etmişdi ki, bir idmançı olaraq bizləri ruhlandıran, stimul verən heç nə yox idi. Azərbaycan müstəqillik statusu əldə etdikdən sonra idmançılarda olan stimul xeyli gücləndi. Xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi idmanda da yüksək inkişafa təkan verdi. İdmana göstərilən yüksək dövlət qayğısı qarşılığında bizim yüksək nəticə əldə etməkdən, vətənə medallarla dönməkdən başqa çıxış yolumuz yox idi. Bizim idmançılar arasında uzun karyeraya malik idmançılar azdır. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. İdmançı həyatı ilk baxışdan göründüyü kimi asan deyil, onun o qədər enişli-yoxuşlu yolları var ki... Hər bir idmançının da karyerasının uzun və qısa olmasında bu səbəblər öz sözünü deyir.
Atlanta yay Olimpiya Oyunlarının finalında qarşılaşdığım bolqarıstanlı Valentin Yordanovun həmin vaxt 36 yaşı var idi. Onun bu vaxtadək güləşməsinin bir səbəbi vardı ki, bu da yeddiqat dünya və beşqat Avropa çempionu olmasına rəğmən, bir dəfə də olsun olimpiya zirvəsini fəth etməməsi idi. Atlanta olimpiadası onun iştirak etdiyi üçüncü zirvə yarışı idi. İlk cəhddə medalsız qalan Yordanov, ondan dörd il sonra mükafatçılar sırasına düşə bilmişdi.
- 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarından sonra bir maraqlı hal yaşandı ki, bu da ümummilli lider Heydər Əliyevin olimpiya çempionu üçün ayrılmış mükafatı sizə təqdim etməsi idi...
- Bayaq qeyd etdiyim kimi, ulu öndərin hakimiyyətə qayıdışından sonra idmanda böyük inkişaf baş verdi. Onun idmana və idmançılara olan qayğısı özünü qazanılan nəticələrdə biruzə verməyə başladı. Müstəqil Azərbaycanın nailiyyət qazanan ilk idmançıları arasında mən də vardım. 1994-cü ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qalib olmuşdum. Hər ilin yekununda biz idmançılarla görüşən Heydər Əliyev öz dəyərli tövsiyyələrini verirdi. Onunla hər görüş bizim üçün əsl motivasiya mənbəyi idi. Hamımız böyük əzmlə yarışlara hazırlaşır, nailiyyət qazanmaq, himni səsləndirmək istəyi ilə alışıb-yanırdıq. Atlanta Olimpiadasına hazırlıq dövrü yüksək səviyyədə keçmişdi. Qitə və dünya çempionatlarında, beynəlxalq turnirlərdə sıxışdırmalara rəğmən, 23 idmançımız olimpiadada iştirak hüququ qazandı. Olimpiadada göstərdiyimiz nəticələr də zəif olmadı. Bir neçə idmançımız dördüncü, beşinci, yeddinci yeri tutdu. Bu da ilk dəfə müstəqil olaraq olimpiadaya qatılan ölkə üçün heç də pis nəticə deyildi. Mənim nəticəmə gəldikdə isə, dörd rəqibimi məğlub edərək finala çıxdım. Dünya güləş ictimaiyyətinin çox yaxından tanıdığı əfsanələşmiş Yordanovla, qələbə istəyi, ölkəsinin himnini səsləndirmək arzusuyla alışıb-yanan Namiq Abdullayev qarşılaşırdı. Onun qələbəsini şərtləndirən bütün amillərlə müqayisədə mənim çempionluq yanğım daha güclü idi. Görüş ərzində də üstün olan tərəf mən idim. Hakimlər Yordanovun nüfuzu qarşısında sanki aciz qaldı. Bu məğlubiyyət açığı, məni çox sarsıtmışdı. Vətənə döndükdən sonra ulu öndər Azərbaycan olimpiya yığmasını yenidən qəbul edərək, idmançılara göstərdikləri şücaətə görə təşəkkür etdi. Final görüşümə baxdığını bildirərək, əslində mənim qalib gəldiyimi vurğuladı. Gümüş medalımı qızıl kimi qəbul etdiyini dedi və məni çempion üçün nəzərdə tutulmuş mükafatla təltif etdi. Bu münasibətdən sonra məğlubiyyətin səbəb olduğu ruh düşkünlüyünü dəf etdim.
- Və siz bu etimadı dörd il sonra artıqlamasıyla doğrultdunuz...
- Başqa çıxış yolum da yox idi. Görüş zamanı mən söz vermişdim ki, Sidneydə qızıl medal qazanacağam. Bir il sonra-1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idmanımızda sanki ikinci nəfəs yarandı. O, vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq xarici ölkələrdə legioner həyatı yaşayan azərbaycanlı idmançıları vətənə qaytardı, onların bütün qayğılarını həll edəcəyinə söz verdi. Bu da Azərbaycan idmanının inkişafında yeni səhifə açdı.
- Final görüşündə qarşılaşdığınız ABŞ güləşçisi Samuel Hensonla iki il əvvəl dünya çempionatının həlledici görüşündə mübarizə aparıb, məğlub olmuşdunuz. Görüş öncəsi üzərinizdə psixoloji gərginlik vardı?
- Ola bilsin ki, bu barədə geniş informasiya yoxdur, amma həmin görüşədək Hensonla üç dəfə qarşılaşmışdım. Bunlardan ikisi beynəlxalq turnirlərə təsadüf etmişdi. İlk dəfə Özbəkistanda keçirilən turnirdə görüşmüşdük. Həmin qarşılaşma onun üstünlüyü ilə başa çatdı. Daha sonra Ukraynada keçirilən turnirdə görüşdük və bu dəfə qalib mən oldum. Sidneydə olduğu kimi orda da məğlubiyyət sonrası göz yaşı tökmüşdü. 1998-ci ildə İranda keçirilən dünya çempionatı öncəsi çox yüksək hazırlıq prosesi keçsək də, mundialın startına bir neçə gün qalmış xəstələndim. Tehrana bərpa olunmadan getmişdim. Buna baxmayaraq finaladək gəldim. Həlledici mərhələdə yenə Hensonla qarşılaşdım. Bu görüşdə onun hazırlığının mənə nisbətən yüksək olması, çevikliyi öz sözünü dedi. Bir il sonra Ankarada keçirilən dünya çempionatı Sidney olimpiadasına lisenziya verirdi. Samuel Henson zədəli olduğu üçün həmin mundialda iştirak etməsə də, yarışları zaldan izləyirdi. Mən bu dünya çempionatında uğursuzluqla üzləşdim, mükafatçılar sırasına düşə bilmədim. Həmin çempionatda mənim məğlub olduğum Koreya güləşçisi sonradan qalib oldu. Bir maraqlı məqamı qeyd edim ki, bizim çəki dərəcəsində mübarizə yekunlaşdıqdan sonra Henson mənə yaxınlaşaraq dedi ki, Sidneydə əsas rəqibim sənsən, Koreya güləşçisi yox, əminəm ki, səninlə olimpiadanın final görüşündə qarşılaşacağıq. Halbuki, həmin vaxt lisenziya belə qazanmamışdım. Sidney olimpiadasında hər mərhələ sonrası jurnalistlər bizə yaxınlaşaraq növbəti görüş haqda təəssüratlarımızı öyrənirdilər. Samuel Henson özündən çox arxayın danışır, qeyd edirdi ki, onun üçün heç bir rəqib yoxdur. Yarımfinal öncəsi isə bildirmişdi ki, bu mərhələni də asanlıqla keçəcək və həlledici görüşdə mənimlə qarşılaşaraq, qalib gələcək. Səbəb kimi isə məni dünya çempionatının finalında məğlub etməyini göstərmişdi. Mən isə nisbətən ehtiyatlı danışırdım. Hətta vətənimdə verdiyim sözü də açıqlamırdım. Çünki bütün kənar amilləri nəzərə alırdım. Təbii, mənim qələbə qazanmağımı stimullaşdıran amillər çox idi. Həm yığmanın bayraqdarı idim, həm də söz vermişdim. Bundan başqa Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri məni arenadan dəstəkləyirdilər. Keçmiş SSRİ ölkələrinin güləş federasiyalarının nümayəndələri də mənə dəstək nümayiş etdirirdilər. Şükürlər olsun ki, verdiyim sözü tutaraq, bütün xalqımıza qələbə sevinci bəxş edə bildim. Həm də Hensondan revanş almış oldum. O görüş sonrası yaşananlar həyatımın ən unudulmaz anlarıdır.
- Bütün titullu idmançılarımız kimi sizin də medal kolleksiyanızda çatışmayan mükafat var. Bu da dünya çempionatının qızıl medalıdır. Karyeranızı gec yaşlaradək davam etdirməyinizin səbəbi dünya çempionluğu istəyi deyildi ki?
- Dünya çempionatını digər turnirlərdən fərqləndirən cəhət çempion olmuş idmançının belinə kəmər bağlanmasdır. Çox istərdim ki, həmin kəməri mən də qazanım. Üç dəfə finalda iştirak etmişəm. Bir çox mundiallarda qələbəyə yaxın olmuşam. 1997-ci ildə Krosnayarsk şəhərində keçirilən dünya çempionatında Rusiya güləşçisi ilə görüşdə hakim qərəzi ilə üzləşdim, haqlı qələbəm əlimdən alındı. Hansı ki, o görüşü keçdikdən sonra qarşıda mənim üçün heç bir ciddi rəqib olmayacaqdı... İştirak etdiyim bütün dünya çempionatlarında birinciliyə iddialı olmuşam. Olimpiya çempionatının mükafatçısı və qalibi, üçqat Avropa çempionu olmuş idmançının ən böyük istəyi təbii ki, dünya çempionu olmaq idi. Təəssüflər olsun ki, bu istəyimi reallaşdıra bilmədim.
- 2006-cı ildə Çinin Quançjou şəhərində keçirilən dünya çempionatında yenidən mükafatçılar sırasına düşdünüz. Maraqlıdır ki, fəxri kürsünün üçüncü pilləsində sizinlə birlikdə məhz Samuel Henson dayanmışdı...
- Tarixi anlar idi... Həmin mundialda mən sadəcə bəxtsizliklə üzləşdim. Püşk rusiyalı Besik Kuduxovun üzünə güldü. Hər iki hissənin yekununda ayaqdan tutmaq hüququ ona verildi. Amma hər kəs gördü ki, mən görüş ərzində daha aktiv idim. Qeyd edim ki, mənim qazandığım bütün gümüş mükafatlar qızıla bərabərdir. Çünki hər üç halda finaladək elə idmançıları məğlub etmişdim ki, onların hər biri Valentin Yordanova, Samuel Hensona və Kuba güləşçisinə qalib gəlmək iqtidarındaydılar. 2002-ci ildə dünya çempionatının finalında mənə qarşı edilən haqsızlıq isə açıq-aşkar idi. Bunu bütün ölkələrin nümayəndə heyəti təsdiq etmişdi. Bir il sonra böyük qardaşım Arif Abdullayev Nyu-Yorkda keçirilən dünya çempionatında birinci oldu. O, çox gözəl çıxış nümayiş etdirərək dünya kəmərinin sahibi oldu. Beləliklə də bayaq haqqında bəhs etdiyiniz qızıl medal kolleksiyası tamamlandı. Bunu nəzərə alaraq, demək istərdim ki, qətiyyən gözüm arxada qalmayıb.
- Həmin nailiyyətdən sonra Arif Abdullayev gözə dəymədi. Səbəb nə oldu?
- Arifin yaşı az deyildi, o, çempion olanda artıq 35 yaşı vardı. 2004-ci ildə Afina yay Olimpiya Oyunlarına hazırlıq ərəfəsində ailəmizdə baş verən böyük itki hər ikimizə ağır təsir etdi. Onun Afina olimpiadasına qatıla bilməməsinin əsas səbəbi isə turnirin startına bir neçə gün qalmış xəstələnməsi oldu. Olimpiadadan sonra bir neçə yarışda iştirak etdikdən sonra belə qərara alındı ki, o, karyerasını bitirərək məşqçilik fəaliyyəti ilə məşğul olsun. Arif artıq uzun illərdir ki, gənclərdən ibarət yığmanın baş məşqçisidir. Onun rəhbərliyi altında onlarla güləşçi dünya və Avropa birinciliklərinin qalibi olub.
- Namiq Abullayev unudulmayıb ki?
- Əsla. Tədbirlərdə media nümayəndələri ilk olaraq mənə yaxınlaşırlar. Hər hansı məsələyə münasibət lazım olduqda zəng edirlər. Unudulduğumu söyləmək üçün heç bir səbəbim yoxdur.
- Hazırda bir çox güləşçidən soruşduqda ki, kumiriniz kimdir, sizin adınızı çəkirlər. Maraqlıdır, bəs sizin kumiriniz kim olub?
- O vaxtlar Məhiyəddin Allahverdiyev, Xəzər İsayev kimi tanınmış güləşçilərimiz var idi ki, onların beynəlxalq arenada göstərdiyi yüksək nəticələr mən və digər komanda yoldaşlarımda böyük həvəs, ruh yüksəkliyi yaradırdı.
Sahib ƏSƏDBƏYLİ