2014/15 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” klubu heyətini 2 legionerlə gücləndirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar rumıniyalı Andrey Kristya və Adrian Ropotandır.
Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı Andrey Kristyanın keçidi barədə Sportnet.az ötən gün
məlumat verib. O, müxtəlif komandaların və yığmanın heyətində çıxış etməklə yanaşı, 2009/2010-cu il mövsümündə "Dinamo”da 16 qol vurub və Rumıniya çempionatının bombardiri olub. Bundan başqa Kristyanın hesabında 2 ölkə çempionluğu və 1 Superkubok var.
28 yaşlı Adrian Ropotan isə dayaq yarımmüdafiəçisidir. Ölkəsinin əsas yığmasında 2008-ci ildə debüt edən futbolçu bu komandada 5 matça çıxıb. Əvvəllər isə o, Rumıniyanın U-21 millisinin şərəfini qoruyub. Buxarest "Dinamo”sunun yetirməsi olan yarımmüdafiəçi 2005 - 2009-cu illərdə bu komandanın formasını geyib. Son 5 ili Rusiyada legioner həyatı yaşayan Ropotan Moskva "Dinamo”su (2009 - 2012) və Nijni Novqorod "Volqa”sı (2013-2014), həmçinin icarə əsasında "Tom”un (2011 - 2012) uğurları üçün çalışıb.
Qeyd edək ki, legionerlər bu gündən "Qəbələ"nin məşqlərinə qatılacaqlar.