
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə oyundan öncə mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə "Dinamo"nu dəyərləndirib.
- "Dinamo"nun oyun üslubunu və baş məşqçisini tanıyıram. Çox inkişaf edən oyun sərgiləyirlər. Mən öz həfərlərimiz haqda danışıram. Növbəti mərhələyə keçmək istəyirik. Rəqibimiz çox ciddidir. Bilirəm ki, məşqçilər heyətində dəyişikliklər baş verib və futbolçular tərk edib. Amma "Dinamo"nun oyun üslubu xoşuma gəlir. Maksimum hazırlıqlı olaraq, mərhələ adlamaq istəyirik. Əminəm ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Düşünürəm ki, meydanda maraqlı mübarizə gedəcək.
- Komandanız xeyli futbolçu ilə güclənib. Bu transferlər oyuna nə dərəcədə hazırdır?
- Artıq bizdə bu inteqrasiyanın ikinci dövrəsi başlayıb. Bilirəm ki, vaxtımız azdır. Sabah meydana elə futbolçu çıxacaq ki, cəmi 4 gündü komandadadır.
- "Qəbələ" oyuna nə dərəcədə hazırdır?
- Müəyyən problemlər yeni transferlərlə bağlıdır. Çünki onlar hələ komanda ilə elə də çox məşq etməyiblər. Futbolçu bir çox məsələni öyrənməlidir. Əminəm ki, bu proses çox tez keçəcək. Sabahkı gün əsas məsələ nəticədir. Bilirik ki, buna məhz sabah nail olmalıyıq. Keyfiyyətli oyun istəyi sabah elə də yüksək səviyyədə olmayacaq. Daha çox nəticə üçün oynayacağıq.
- Bəs oyun üslubunu dəyişməyəcəksiniz?
- Xeyr, dəyişməyəcək. Rəhbərlik bizdən baxımlı oyun gözləyir. Yeni futbolçular ötən mövsümün yaz bölümündə göstərdiyimiz oyunu sərgiləməlidirlər.
- "Dinamo" ilə səfər matçında sizi 0:0 hesablı nəticə qane edəcək?
- Biz ikinci nömrə oynamayacaq. Bizi 5:0 hesablı qələbə qane edəcək.
- Ekiqo Ehiosunun gedişinə və Culius Vobayı ala bilməməyinizə səbəb nə oldu?
- Bizim 13 futbolçumuz gedib. Onların hər birinin gedişi səbəbi barədə danışa bilmərəm. Mən aldığımız oyunçularla bağlı rəsmən fikir bildirərəm. Şayiələri şərh etmək isə mənlik deyil.