"Qarabağ"ın yeni transferi Raydell Puponun Bakıya müqavilə bağlamaq üçün gələcəyi tarix müəyyənləşib. Sportnet.az-a daxil olan yeni məlumata görə, Hollandiya "Ayaks"ının yetirməsi iyulun 14-də Bakıda olacaq.
O, tibbi müayinədən keçdikdən sonra "Qarabağ"la 2 illik müqavilə bağlayacaq. Ertəsi gün 28 yaşlı hücumçu Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Monteneqro "Rudar"ı ilə keçirəcəyi ilk oyunu izləyəcək. Puponun keçidi məsələləri ilə birbaşa hollandiyalı menecer Kevin Oliveyra məşğul olur.
Təcrübəli futbolçunun "Qarabağ"a razılıq verməmişdən öncə Macarıstan çempionu "Videoton"la anlaşmaq üzrə olduğu da üzə çıxıb. O, hətta Sekeşfehervar şəhərinə imza üçün getsə də, "Qarabağ"dan gələn cəlbedici təklifdən sonra Macarıstan variantından imtina etməli olub.
Qeyd edək ki, Raydell Puponun "Qarabağ"a keçəcəyi barədə ilk xəbəri Sportnet.az saytı yayıb. Klub rəsmiləri isə xəbərə münasibət bildirməkdə tələsmir. Onlar məlumatı nə təsdiq, nə də təkzib edir.