
"Sabah bizim üçün çətin olacaq. "Qarabağ" Avropa Liqasının qrup mərhələsində oynayıb. Demək olar ki, ötənilki heyətdir". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"la oyun öncəsi mətbuat konfransında Monteneqro "Rudar"ının baş məşqçisi Mirko Mariç deyib.
O ötən aylarda "Qarabağ"ın oyunlarını izlədiklərini və Ağdam komandasına hörmətlə yanaşdıqlarını bildirib. Bununla yanaşı, Mariç uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Rəqibimiz Avropa komandası səviyyəsindədir. Köhnə də, yeni də oyunçuları var. Amma hər biri keyfiyyətlidir".
Mariç Avropa Liqasının I mərhələsində Monteneqronun digər təmsilçisi "Mladost"a uduzan "Neftçi" ilə "Qarabağ"ı da müqayisə edib. O bildirib ki, "Qarabağ" "Neftçi"dən daha güclü komandadır. Mariç daha çox 1000-2000 azarkeş qarşısında oynadıqlarını söyləyib: "2 il öncə Polşa "Şlask"ı ilə matçımızı 30 mindən çox azarkeş izləyirdi. Sabah da biz xeyli azarkeş qarşısında oynayacağıq. "Qarabağ" bu qədər azarkeşlə oynamağa alışıb. Bizim isə adətən, 1000-2000 azarkeşimiz olur. Amma qələbə üçün çalışacağıq. Təbii ki, rəqib imkan versə..."
Qeyd edək ki, iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Rudar" matçı saat 21:30-da başlanacaq.