Dünən Türkiyə mətbuatı Ümit Özatın "Boluspor"dan istefasından sonra azərbaycanlı futbolçular - Ruslan Tağızadə ilə Nurlan Novruzovun komandada qalmayacağını yazdı. Ancaq Sportnet.az-a açıqlamasında Novruzovun qanuni meneceri Çinar Məmməd əsl baş verənləri anladıb.
"Ruslan Tağızadə mənim vasitəçiliyimlə ora keçməmişdi. Deyilənə görə, onu Ümit Özat istəmişdi. Özü də bizim mətbuata açıqlamasında bildirmişdi ki, hələ Özat "Elazığspor"da olanda qışda "Qəbələ"dən məni istəmişdi. Bir sözlə, baş məşqçinin istefasından sonra Ruslanın Azərbaycana qayıdacağı dəqiqləşib. Ancaq Nurlanın qayıdışı dəqiqləşməyib. "Boluspor"un yeni baş məşqçisinin onu saxlayıb-saxlamayacağından hər şey asılı olacaq. Bu üzdən Nurlan hazırda komandanın düşərgəsindədir. Nurlanın Ümit Özata görə geri qaytarılması yanlış xəbərdir. Mən birbaşa klubun prezidenti ilə danışıb onun razılığını almışam, yəni Özatla hər hansı danışığım olmayıb. Ancaq Nurlan bizdən xəbərsiz başqa menecer vasitəsilə Ümit Özatla da danışıq aparıb. Bu üzdən klub prezidenti əsəbiləşib və tam təbii olaraq Nurlanın da Özata görə komandadan göndərildiyini yazırlar. Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək. Biz klubla Nurlanın keçidində ilkin anlaşma əldə etmişik. İndi yeni baş məşqçinin kimliyini gözləyirik".
Qeyd edək ki, Sportnet.az saytı bundan əvvəl Nurlan Novruzovun "Boluspor"da ilinə 300 min dollar qazanacağını və bu puldan "Bakı"ya 60 min dollar veriləcəyini yazıb.