AFFA Məşqçilər Komitəsi Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində düşdüyü qrupu analiz edəcək. Bu barədə Sportnet.az-a komitənin üzvü Ağasəlim Mircavadov məlumat verib.
Onun sözlərinə görə, qrupun analizi iyulun 27-də keçirəcəkləri iclasda aparılacaq: "Komitəmizin sədri Vaqif Sadıqov da püşkatma mərasimində iştirak edib. Vaqif müəllim Bakıya bu gün qayıdır. Sabah isə AFFA-da bir araya gələrək, qrupu və rəqiblərimizi dəyərləndirəcəyik".
Qeyd edək ki, AFFA Məşçqilər Komitəsində Vaqif Sadıqovla Ağasəlim Mircavadovdan savayı, Böyükağa Hacıyev və Şakir Qəribov yer alıb. Şahin Diniyevin "Kəpəz"ə baş məşqçi təyin olunmasından sonra vakant yerə Əsgər Abdullayevin namizədliyi irəli sürülüb.