
UEFA "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynova qarşı intizam işi açıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın kapitanı Kipr "Apollon"unun şikayəti əsasında "məhşər ayağı"na çəkilib.
Kiprin "sigmalive" nəşri "Hüseynov işi"nə avqustun 5-də baxılacağını yazıb. "Apollon" 27 yaşlı yarımmüdafiəçinin "layiqli cəzasını alacağına" ümid edir. "Qəbələ"nin yarımmüdafiəçi cəzalanacağı təqdirdə, ən azı avqustun 6-da keçiriləcək cavab görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Cavid Hüseynov iyulun 30-da Limassoldakı "Antonis Papadopulos" stadionunda keçirilmiş ilk görüşün uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirdikdən sonra "Apollon" azarkeşlərinə qeyri-etik jest edib. "Qəbələ"nin kapitanı "Report"a müsahibəsində bu addımı Azərbaycan bayrağının təhqir olunmasına cavab olaraq atdığını bildirib. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.


















































































