
Bu gün veteran futbolçu, "Neftçi”nin Müşahidə Şurasının üzvü, SSRİ çempionatının bürünc mükafatçısı Mübariz Zeynalov son mənzilə yola salınıb. Sportnet.az-ın məlumatına görə, dəfn mərasimində onun ailəsi, qohumları, futbol ictimayyəti, veteran futbolçularımız, o cümlədən klubumuzun nümayindələri iştirak ediblər.
Mübariz Zeynalov Şüvəlan qəbiristanlığında dəfn olunub.
Mübariz Zeynalov "Neftçi”nin yaranmasından düz 8 il sonra - 1945-ci il martın 18-də Gəncə şəhərində dünyaya göz açıb. Futbol oynamağa 17 yaşında "Dinamo” (Kirovabad) klubunda başlayıb. 1966-cı ildə "Neftçi”yə keçib. Elə həmin ildə də SSRİ çempionatının bürünc medalını qazanıb. "Neftçi”də ilk oyununu 1966-cı il iyulun 3-də səfərdə Tbilisi "Dinamo”suna, sonuncu matçını isə 1972-ci il iyunun 28-də Bakıda Kiyev "Dinamo”suna qarşı keçirib. 1972-ci ilədək çıxış etdiyi "Neftçi”nin heyətində 126 oyunda 6 qol vurub.
1972-ci ildən Kirovabad "Dinamo”sunun formasını geyinsə də, zədə səbəbindən 1974-cü ildə, 29 yaşında futbolçu karyerasını başa vurmalı olub.
Mübariz Zeynalov Azərbaycan milli komandasında məşqçi (1992-93), Gəncənin "Kəpəz” klubunda baş məşqçi (1993-1994), həmçinin AFFA-da seleksiyaçı-məşqçi kimi çalışıb, "Neftçi” veteranlar klubunun vitse-prezidenti olub. O, 2015-ci il martın 31-dən "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü idi.
Allah rəhmət eləsin!