"Zirə"nin "Bakı"dan icarəyə götürdüyü Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi
- Necə oldu ki, "Elazığspor"a yox, "Zirə"yə keçdin?
- "Elazığspor"la danışıqlarımız müsbət alınmadı. "Zirə"yə keçidim məşqçilər heyətinin istəyi ilə oldu. Heç də pis yerdə deyiləm. Bu klubla çoxlu uğur əldə edəcəyimə inanıram. Ona görə buradayam.
- Uğur dedikdə nəyi nəzərdə tutursan?
- Gələcək karyeram.
- Elə isə "Bakı"da bombardir olmağın niyə gələcək karyerana müsbət təsir göstərmədi?
- Əlbəttə, göstərdi. Amma indi belə çıxır ki, mən oturub yalnız "Bakı"da bombardir olduğum üçün bu uğurla kifayətlənməliyəm? Əlbəttə, hələ qabaqda daha böyük uğurlar əldə etməliyəm. İnşallah, ölkə xaricində bombardir olsam, bunu böyük uğur hesab edərəm. Hələ ki, heç nə etməmişəm.
- Məgər ikiqat Azərbaycan çempionu və kubok sahibini, Avroliqa "pley-off"çusunu gənc yaşında debütanta dəyişməyin uğurdur?
- Mən "Zirə"yə icarəyə gəlmişəm. "Zirə" ilk dəfədir ki, Premyer Liqada oynayir. Nə bilmək olar ki, bu klub necə oynayacaq? Men burada uğur qazanacağıma inandığım üçün gəlmişəm.
- Razılaşırsanmı ki, Premyer Liqanın bombardiri "Zirə"də yox, ən azı "Qəbələ"də, "Qarabağ"da oynamalı idi?
- Mən bu barədə danışmaq istəmirəm. Hər şey dünya praktikası ilə olsaydı, nə dərdimiz olardı? (gülür - red.)
- "Zirə" ilk turda qələbə qazanan iki komandadan biri oldu. Amma cəmi bir qolla. Sənin gəlişin komandanın məhsuldarlığına nə dərəcədə təsir göstərə bilər?
- İlk oyunda qələbə çempionata yaxşı başlamaq üçün çox vacibdir. Bu mövsüm də bombardirlər yarışında olacağıma inanıram. Komandamız nə qədər çox qol vursa, yaxşı nəticələr əldə edər. Çoxlu qol vuracağımıza əminəm. Yaxşı komandaya gəldiyimi düşünürəm.
- "Bakı"dan hansı futbolçunun "Zirə"də oynamasını istərdin ki, qol vurmağına yenə yardımçı olsun?
- Tək ad çəkmək çox çətindir. Çünki uşaqların hamısının əziyyəti böyükdür. Ən əsas pay sahiblərindən biri Eltun Hüseynov idi. O, keçən il gözəl qol ötürmələri verirdi. Bu il "Zirə"ə birgə oynayacağım üçün sevinirəm.
- Bəlkə elə "Zirə"yə ona görə keçmisən?
- Yox, mən Eltonu ilk dəfə komandanın məşqinə qoşulanda gördüm.
- Avtomobil idarəetmə hüququna qoyulan qadağa müddəti bitib?
- Xeyr, hələ 3 aydan sonra sürücülük vəsiqəmi alacağam. Məşqə taksi ilə gedirəm, amma avtobusla da getməyə heç də pis baxmıram. Normal vətəndaşlardan artıq deyiləm ki... Yolum da çox uzaqda deyil.