Rahim ŞALIYEV
Adını xatırlamadığım dahilərdən birinin belə bir sözü var: "Səni bir dəfə aldadırlarsa, aldadan günahkardır. Eyni adam səni ikinci dəfə aldadırsa, onda günah sənin özündədir”.
"Xəzər Lənkəran”ın ötən turun "Sumqayıt”la oyunundakı hakimlikdən şikayətlənməsini görərkən də eyni misalı xatırlamalı oldum. Əvvəllər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyirdi ki, hərə bir toy kamerasını əlinə alır, özlərinə sərf edən formada keyfiyyətsiz görüntülər lentə alır və hakim səhvlərinin olduğunu iddia edir. İndi isə artıq belə deyil. CBC-nin keyfiyyətli yayımına kimin nə sözü var? Həmin yayım əsasında "Xəzər Lənkəran"ın hazırladığı kadrlar Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadasının bütün səhvlərini açıq-aydın ortaya qoyur.
Həmin kadrlara baxdıqca insan bir tərəfdən komandanın illərdir davam edən narazılıqlarına haqq qazandırmaq istəyir. Amma digər tərəfdən klubun oyunçusundan tutmuş məşqçisinə qədər hayqırmaq istəyirsən: Bütün bu şikayətlənmələr heç nəyi dəyişməyəcək, hər şey olduğu kimi qalacaq. Yenə də şikayətlərinizin ardınca şablon "futbol adamları” ekranlara çıxıb şablon cümlələrlə "İnsan da səhv edə bilər”, "Xarici futbol çempionatlarında da bu cür səhvlər olur”, "Top əli tapdı, əl topu yox" cümlələrini işlədərək eyiblərini ört-basdır edəcək, bütün bu həngamə sanki heç bir şey olmamış kimi yekunlaşacaq və lazım gələndə yenidən təkrarlanacaq. Zamanın belə öldürə bilmədiyi, əksinə, gündən-günə böyütdüyü bəhanələri sizin sözləriniz öldürə bilməyəcək.
Artıq hakimin davamlı olaraq yalnız "Xəzər Lənkəran”ın oyunlarında insanlığını yada salıb birtərəfli səhvlər etməsi, yan xətt hakiminin bir futbolçunun digər futbolçunun köynəyini az qala tutub başına keçirməsi, futbol meydanını döyüş meydanı ilə səhv salmasını görməməsi, ardıcıl 5 dəfə ofsayd epizoduna göz yumması heç kimə maraqlı olmayacaq. 23 ildir təkrarlanan "Hakim də insandır, gəncdir, təcrübəsizdir” tipli sözlər tükənməyibsə, bundan sonra 23 il də tükənməyəcək.
"Xəzər Lənkəran” anlamlıdır ki, onun oyunları əsl futbol qanunları ilə yox, "yazılmamış futbol qanunları” ilə idarə edilir. Ona görə də bütün olanlara fərqli yanaşmaq, fərqli üsullar fikirləşmək lazımdır. Lakin bu, heç də komandanın mübarizədən çəkilməsi, öz zəifliyini göstərməsi kimi başa düşülməməlidir. Sadəcə, komanda "futbolun yazılmayan qanunları” əsasında ona edilən hücumlardan müdafiə olunmağı bitirib özü hücuma keçməli, mübarizə üsullarını köklü şəkildə dəyişməli, reallığa uyğun qurmalıdır.
Mübarizə üsulları dəyişmədikcə isə komanda heç kimi günahlandırmamalıdır. Çünki birdən daha çox aldanan özü günahkardır.