
"Düşünmək olar ki, səfərdəki oyunda sərfəli nəticə əldə etmişik. Lakin o vaxtı da qeyd etmişdim ki, rəqib ən güclülərdən biridir". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boyz"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında Q.Qurbanov İsveçrə təmsilçisinin fərdi ustalığa sahib oyunçularının olduğunu deyib: "Bu oyunçular hər bir anda matçın nəticəsini dəyişə bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir".
Təcrübəli mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü haqda danışmaq istəməyib: "Hər şey göz qabağındadır və hansısa fikir bildirmək düzgün olmaz. Bu gün o barədə düşünməsək, daha düzgün olar".
Baş məşqçi bildirib ki, futbolçular uğur qazanmaqlarına baxmayaraq eyforiyaya qapılmır: "Biz rəqibin gücünü dəyərləndirməliyik. Futbolçular da bu barədə bilir. Hər kəsin "Qarabağ"a ümidi böyükdür. Başa düşürəm, tələb çoxdur. Hamı istəyir ki, bu oyunda qalib gələk və hər kəsi sevindirək. Nəticə bizim tərəfdə olsun, qol sayı az olsa da, yetər. Futbolun gözəlliyi qoldur və qol vurub nəticə qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq. Bunun üçün müdafiəni gücləndirməli və hücumlardan istifadə edib qol vurmalıyıq".
Q.Qurbanov onu da bildirib ki, komandanın üzvü Əl Jadeyui Əlhərbi əzələsində olan problem səbəbindən meydana çıxmayacaq: "Atasını itirən Elvin Məmmədovun adı da siyahıya daxil edilməyəcək. Ola bilər ki, oyun penaltilərə qədər uzansın. Bu, lotoreya kimi bir şeydir. Burada psixoloji amil böyük rol oynayır. Mən istəmirəm ki, futbolçu oyun ərzində penaltiləri düşünsün. Məşq ərzində biz penaltiləri hazırlaşırıq. Ancaq oyuna bir neçə gün qalmış bunu məşq etmirik"
"Yanq Boyz" bizdən üstün komanda kimi sayılır. Əgər statistikaya baxsaq, bunu görərik. Ancaq biz komanda şəklində üstün olmağa çalışacağıq. Çumbinyo komandayla məşqə başlayıb və bəzi oyunlara çıxmağa gücü çatacaq" - deyə Q.Qurbanov bildirib.