
Los Anceles (ABŞ) yarış keçirmək üçün şəhər büdcəsinin artırılacağı təqdirdə, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək. Sportnet.az-ın "Los Angeles Times"a istinadən verdiyi məlumata görə, olimpiadanın təşkili meqapolisə 5,8 milyard dollara başa gələcək.
Büdcə vergi ödəyiciləri hesabına artırılmalıdır. Məsələ ilə bağlı səsvermə sentyabrın 1-də olacaq. Nəticə uğurlu olsa, ABŞ Milli Olimpiya Komitəsi (USOC) bir neçə saat ərzində Los Ancelesin ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə göndərəcək. USOC daha öncə Bostonun namizədliyini geri götürüb.
Qeyd edək ki, Los-Anceles 1932 və 1984-cü illərdə Yay Olimpiya Oyunları təşkil edib. Daha öncə Hamburq (Almaniya), Roma (İtaliya), Paris (Fransa) və Budapeşt (Macarıstan) şəhərləri 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə verib. Bakı Toronto (Kanada) və Əhmədabad (Hindistan) şəhərlərinin də bu siyahıda olacağı gözlənilir. Ərizə üçün son müddət 15 sentyabr 2015-ci ildir. Qalib şəhərin adı isə 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Limada keçiriləcək Sessiyasında açıqlanacaq.