"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportnet.az-a müsahibəsi
- Avropa Liqasında iştirak üçün sifariş ərizəsi UEFA-ya göndərilib?
- Bəli, göndərilib. Siyahıda 24 futbolçu nəzərdə tutulub.
- Yeni transferlərlə bağlı ziddiyyətli xəbərlər yayılıb. Son günlər neçə futbolçu alınıb?
- 2 futbolçu transfer edilib. Bunlar Samuel Armenteros və Migel Markosdur. Makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin bir az problemləri yarandı. Bu, onun klubu ilə bağlı oldu, sənədlərini vaxtında çatdıra bilmədilər. Ona görə də adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilmədi. Ola bilər ki, çempionat oyunları üçün götürək. Əvvəlki klubu iflas etdiyindən, azad agent kimi götürmə ehtimalımız var. Amma hazırda 2 futbolçu əlavə olunub. Sadəcə, 2 yeri boş saxlamışıq ki, hər hansı dəyişiklik olsa, gənc futbolçuları siyahıya rahat əlavə edə bilək.
- Transfer pəncərəsi bağlandıqdan sonra UEFA futbolçu əlavə etməyə icazə verəcək?
- Söhbət adı siyahıda olan və bizim çıxardığımız yerli futbolçulardan gedir. Ehtiyac olsa, onları yenidən əlavə edə bilərik. Ümumilikdə bizə 24 futbolçu sifariş etməyimiz üçün icazə verilib.
- Siyahıdan çıxarılanlar kimlərdi?
- Bir-bir açıqlamağa ehtiyac yoxdur. Siyahı açıqlananda onu biləcəksiniz.
- "Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə təlim-məşq toplanışı keçəcək. Siz bu müddətdə nə planlaşdırmısınız?
- Əlimizdə cəmi 11 futbolçu var. Onlardan 2-si fərdi şəkildə məşq edir. Çünki hələ zədələrini tam bərpa etməyiblər. 11 futbolçudur, onun bir neçəsi zədə səbəbindən komandaya qoşulmayıb və fərdi şəkildə məşq edir. Biz Bakıda çalışırıq. Məşqlərə 3 gündür başlamışıq və oyuna qədər məşqlərimiz davam edəcək.
- Yəqin ki, ehtiyat qüvvənin azlığı sizə çətinlik yaradır...
- Sözsüz ki, çətinlik yaradır. Futboçular əlimizdə azdır və məşqlərimizin müəyyən proqram üzrə yaxşı səviyyədə keçirilməsinə mane olur. Amma ilk dəfə deyil. Belə hallar dəfələrlə olub. Həmişə çalışmışıq ki, düzgün qaydada hazırlaşaq.
- İlk oyununuzu səfərdə "Tottenhem"ə qarşı keçərəcəksiniz. Adətən, ilk oyunlar daha məsuliyyətli olur. Bu mənada məqsədiniz nə olacaq?
- Avropa Liqasının qrup mərhələsində güclü, ad-sanlı komandalara qarşı çıxış edəcəyik. Lakin bütün kollektivin olmaması səbəbindən, tam qüvvə ilə hazırlaşa, Avroliqadakı oyunlarımızı düşünə bilmirik. Yalnız onların onların dönüşündən və sentyabrın 12-də "Xəzər Lənkəran"la keçirəcəyimiz Premyer Liqa qarşılaşmasından sonra hərtərəfli fikir yürüdə biləcəyik. Hələ görək futbolçularımız milli komandalardan necə qayıdacaqlar... Əlbəttə, toplanılan hər bir xal reytinqimizi daha da yaxşılaşdırır. Bu barədə "Tottenhem"lə oyundan öncə fikirlərimizi bildirəcəyik.