
Bakılı sabiq dünya çempionu Harri Kasparov 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına gəlmək istəyir. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası - 2016"nın Əməliyyat Komitəsinin direktoru və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov bildirib.
O deyib ki, Kasparov Olimpiadaya qonaq qismində qatılmaq niyyətindədir: "2013-cü ildə Türkiyənin İstanbul şəhərindəki olimpiada vaxtı qəbul keçirmişdik. Kasparov qəbula gəlmək istəyirdi və gəldi. Hətta milli yeməklərimizdən də daddı".
Sentyabrın 10-da start götürəcək Dünya Kubokuna gəldikdə, Məmmədovun sözlərinə görə, bununla bağlı Kasparova dəvətnamə göndərilməyib: "Özünün iştirak edəcəyi barədə isə məlumatımız yoxdur. Əvəzində Dünya Kubokuna bir sıra tanınmış şahmatçılar qatılacaqlar. Onların arasında qadınlar arasında sabiq dünya çempionu, gürcüstanlı Nona Qaprindaşvili də olacaq".