"Qəbələ"nin futbolçusu Aleksey Antonov "İnter"lə oyunda vurduğu təsəlli qolu ilə yox, Ukrayna mətbuatına azərbaycanlı jurnalistlər barədə dedikləri ilə bağlı sual atəşinə tutulub. Sportnet.az 29 yaşlı hücumçu ilə müsahibəni təqdim edir...
- Azərbaycanlı jurnalistlər barədə nəyə əsasən, aşağılayıcı fikirlər səsləndirmisiniz?
- Mən jurnalistlər barədə ümumiyyətlə mənfi bir söz deməmişəm. Sadəcə, konkret epizodu xatırlatmışam.
- Elə isə azərbaycanlı jurnalistlərin sosial şəbəkədə sizi boykot etmək istəyi nə ilə bağlıdır?
- Bu, onların hüququdur. Amma mən heç kimi incitməmişəm. Azərbaycanlı jurnalistlər barədə pis söz deməmişəm. Sadəcə, verilən sual müsahibə zamanı konkret epizoddan misal çəkməyimə gətirib çıxarıb.
- Sizdən oyununuz barədə soruşurlarsa, narazılığınıza səbəb nədir?
- Məndən oyunum barədə soruşmamışdılar, zəif oynadığımı təsdiqləmişdilər. Bu, sual yox, təsdiq idi.
- Jurnalist belə hesab edirsə, niyə də fikrini üzünüzə deməsin?
- Mən ki jurnalistləri qiymətləndirmirəm.
- Bizim işimiz futbolçuları qiymətləndirməkdir...
- Belə çıxır ki, mən istənilən müsahibəmdə sizi qiymətləndirə, nə istəsəm deyə bilərəm?! (gülür) Nəyə lazımdır qalmaqal yaratmaq və böyütmək? Bunun üçün səbəb də yoxdur. Heç kimi incitmək və hansısa formada təhqir etmək istəməmişəm. Bu, sizə ilk müsahibəm deyil. Heç vaxt barənizdə pis söz deməmişəm. Ukrayna mətbuatına müsahibəmdə isə konkret bir epizoddan misal çəkmişəm. Həmin epizoddakı sual yadımda qalmışdı. Onu da xatırlatmışam. Amma heç bir müsahibəmdə "Azərbaycandakı bütün jurnalistlər pisdirlər" deməmişəm. Belə fikirdə deyiləm və bu cür hal da olmayıb.