"Qəbələ" klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb. Sportnet.az-ın məlumatına görə, rəqib Yunanıstan PAOK-u olub.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qol vurulmayıb. Beləliklə, "Qəbələ" Avroliqada bu mövsüm keçirdiyi 5-ci ev oyununda meydanı qol buraxmadan tərk edib. Bununla yanaşı, "qırmızı-qaralar" ardıcıl 2-ci ev oyununda qol vura bilməyiblər.
Bu mövsüm "Qəbələ" ilkə imza ataraq, qrupda iştirak hüququna yiyələnib. Baş məşqçi Roman Qriqorçukun komandası ardıcıl olaraq, Gürcüstanın "Dinamo" (Tbilisi), Serbiyanın "Çukariçki", Kiprin "Apollon" və Yunanıstanın "Panatinaikos" klublarını mübarizədən kənarlaşdırıb. PAOK isə ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsində çıxış edir. 2013-2014 mövsümündə Saloniki təmsilçisi 1/16 finaladək irəliləməyi bacarıbsa, ötən mövsüm qrupda 3-cü yeri tutaraq, çıxışını dayandırıb.
C qrupunun digər qarşılaşmasında Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya "Krasnodar"ını qəbul edib. Bu görüşdə meydan sahibləri qalib gəlib - 2:1.
Avropa Liqası
C qrupu
22:00. "Qəbələ" (Azərbaycan) - PAOK (Yunanıstan) - 0:0
Baş hakim: Xavyer Estrada
Yan xətt hakimləri: Migel Martines, Teodoro Sobrino
Əlavə köməkçi hakimlər: Alexandro Hernandes, Santyaqo Xayme
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Miroslav Rışka (Polşa)
Bakı, "Bakcell Arena"