
Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı "İdman Azərbaycan" telekanalının ittihamlarına "CBC Sport"dan cavab verilib. Yeni idman telekanalının şərhçisi və vaxtilə ANS TV-də çalışmış Gündüz Abbaszadə bununla bağlı sosial şəbəkədə status paylaşıb.
O bildirib ki, 7 il öncə Premyer Liqanın yayım hüququ AzTV-də olduğu vaxt heç bir başqa telekanalın çəkiliş aparmasına icazə verilməyib. Görüntüləri isə müəyyən məbləğ qarşılığında almağın vacibliyi vurğulanıb. ANS TV-də Premyer Liqaya həsr olunmuş veriliş üçün görüntü vacib olduğundan, AzTV-yə müraciət edilib, bu zaman, Abbaszadənin sözlərinə görə, görüntülər pulu ödənildiyi halda, böyük əziyyətlər bahasına əldə olunub: "Ordan bizə qiymət çıxardılar, icmalların satılacağını dedilər. Hər oyunun 3 dəqiqəlik icmalı üçün müəyyən məbləğdə pul ödənməli idi. ANS TV rəhbərliyi razılaşdı və müqavilə imzalandı. Məbləğ yadımda deyil, amma az deyildi. Uzun müddət biz görüntüləri pulu ilə aldıq. Pulunu ödədiyimiz halda hansı əziyyətlər çəkdiyimiz ayrı söhbətin mövzusudur. Görüntü üçün bəzən 2-3 gün gözləməli olurduq. Nə isə... O zaman bu peşəkarlıqdır deyən insanların bugün fərqli düşünməsini anlamıram. Zamanında etdiyinizdir. Yayıma görə pul ödəmədiyiniz halda icmalı satırdınız. CBC Sport yayım hüqüqunu əldə etmək üçün kifayət qədər ciddi məbləğ ödəyib və bu da adamların haqqıdır. Türkiyədə kifayət qədər TVlər var ki, görüntü ala bilmir və icmal olmadan həftəlik futbol verilişi edir. Futbolun təbliğatını istəyən görüntüsüz də veriliş edər. Rodeo yarışları göstərməz..."
Qeyd edək ki, "İdman Azərbaycan" telekanalı Azərbaycan Premyer Liqasının yayım hüququna malik "CBC Sport"dan görüntü almaq üçün vəsait ödəməkdən imtina edərək, "Premyer Liqa" verilişini efirə verməyib.