"Qəbələ"nin futbolçusu Ruslan Abışov sabiq komandası "Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının VII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun haqda nə deyə bilərsiniz?
- Məncə, oyunun 6 qolla başa çatmasının əsas səbəbi ilk saniyələrdə fərqlənməyimiz oldu. Çünki, rəqibin vəziyyətini bilirik. Mən özüm də o klubda olmuşam. Erkən qol komandanı sındırdı və ikinci qol tez gəldi. Bundan sonra hiss etdim ki, böyük hesablı qələbə əldə edə bilərik. "Xəzər Lənkəran"a demək istəyirəm ki, həvəsdən düşməsinlər və sona qədər mübarizə aparsınlar. Hər şey dəyişə bilər.
- Oyundan öncə 6:0 hesablı qələbə qazanacağınızı gözləyirdiniz?
- Açığı, gözləmirdim. Rəqibin heyətində istedadlı futbolçular var. Amma erkən qol "Xəzər Lənkəran"ın planlarını alt-üst etdi və bizim asan qələbəmizə səbəb oldu.
- Sabiq komandanı böyük hesabla məğlub etməyiniz ağır gəldi?
- Futbolçu üçün hər zaman böyük hesablı məğlubiyyət acı olur. Amma onları başa düşürəm. Təbii ki, belə məğlubiyyət komandaya böyük psixoloji təsir edir. İnanıram ki, vəziyyətdən qısa müddətdə çıxacaqlar. İstəməzdim ki, "Xəzər Lənkəran" bu vəziyyətdə olsun.
- Sanki "Qəbələ"də yorğunluq yox idi...
- Dəiyişikliklər vardı, çünki yerli futbolçular olmalıdır. Amma 3 gündən bir oynamağa öyrənmək lazımdır. Bütün dünyada belədir. Sıx qrafiklə futbol oynamalıyıq.
- "Qarabağ"la 1 xal fərqiniz var və gələn tur "Neftçi"yə qarşı oynayacaqsınız...
- Ondan əvvəl millinin oyunları var. Komanda yaxşı istirahət etməlidir. Çünki "Neftçi" ilə çətin oyun olacaq. Gənc futbolçular olmasına baxmayaraq istedadlıdırlar. Asan oyun yoxdur, əsas olan necə hazırlaşmağındır.
Yalnız bu halda, yaxşı nəticələr qazana bilərik.
- Demək olar ki, çempionluq uğrunda yeganə rəqib "Qarabağ"dır?
- Mən belə deməzdim. "İnter" göstərir ki, yaxşı vəziyyətdədir. Üstəlik "Zirə" də liderlik qrupunda formalaşıb. Demək olar ki, maraqlı oyunlar olacaq.