"Çox vacib qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Samuel Armenteros "Zirə"ni 4:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.
İsveçli hücumçu bildirib ki, hazırda hər bir xal komandası üçün çox önəmlidir: "Oyuna çox yaxşı başladıq. Çox yaxşı oyun sərgilədik. Hər bir rəqibə ciddi yanaşırıq. Bütün oyunlara yüz faiz hazırlıqlı oluruq".
Bu, yay transfer pəncərəsinin son günündə alınan 25 yaşlı forvardın Premyer Liqada 4-cü qolu olub. Armenteros isə vəzifəsinin qol vurmaqdan ibarət olduğunu xatırladıb: "Mən hücumçuyam. Vəzifəm qol vurmaqdır. Fikrimcə, bu, belə də olmalıdır. "Qarabağ"ın qələbəsində xüsusi payımın olduğuna görə sevinirəm. Ən əsası odur ki, 3 xalı qazandıq. Vacib amil bu idi".
"Qarabağ" növbəti oyununu Avropa Liqasının qrup mərhələsində Fransa "Monako"suna qarşı keçirəcək. Oktyabrın 22-də səfərdə keçirəcəkləri qarşılaşma barədə danışan qolçu "cırtdan ölkə"dən yaxşı nəticə ilə dönəcəklərinə ümidvar inam ifadə edib: "Hər bir oyuna maksimum nəticə üçün gedirik. Bu da 3 xaldır".
Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"ın "Zirə"nin qapısına vurduğu qollardan 2-nin müəllifi olub.