
"Qəbələ" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında oktyabrın 22-də keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur matçının baş hakimi İvan Bebek 94-cü beynəlxalq oyununu idarə edəcək. Sportnet.az-ın məlumatına görə, Bebek hakimliyə 23 yaşında ikən atası Xorvatiya Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri olduğu vaxt gəlib.
O, 2011-ci ildə FİFA-nın I dərəcəli hakimləri siyahısına yüksəlib. Bebek AVRO-2008-də dördüncü hakim funksiyasını yerinə yetirib, DÇ-2010-da isə son siyahıya düşə bilməyib.
38 yaşlı referi Bakıya 3-cü dəfə gələcək. O, ilk dəfə 2005-ci ilin yayında "Neftçi"nin İslandiya "Hafnarfyördur"u ilə keçirdiyi Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda baş hakim olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti səfər 2007-ci il oktyabrın 13-nə təsadüf edib. Azərbaycan və Portuqaliya milliləri arasında AVRO-2008-in seçmə qrup matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2. Bebek bu qarşılaşmanın 29-cu dəqiqəsində Aslan Kərimovu meydandan qovub.
Ümumilikdə xorvatiyalı referi beynəlxalq qarşılaşmalarda 34 penalti (21-i meydan sahiblərinin əleyhinə) təyin edib, futbolçulara 29 (10) qırmızı, 428 (180) sarı vərəqə göstərib.
Qeyd edək ki, oktyabrın 22-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da başlanacaq.