
"Neftçi" klubunun futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının X turunda "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərinii bölüşüb.
- Oyunu necə dəyərləndirərdiniz?
- Yenə də son dəqiqələrdə qol buraxdıq. Artıq bilmirəm nə deyim. Bu, konkret, "qara zolaq"dır. Bir az yorulduq, ona görə də qapımızda qol gördük.
- "Qara zolaq"dan çıxış yolu görünür?
- Sadəcə, ilk dəqiqələrdən uzatma dəqiqələrindən köklənmə lazımi səviyyədə olmalıdır. Yalnız bu halda biz "qara zolaq"dan çıxa bilərik. Belə hallarla bir-iki dəfə rastlaşsaydıq, bunu başa düşərdik. Amma neçənci dəfədir ki, eyni hal təkrarlanır.
- Problem nədədir?
- Konsentrasiyada. Sonadək oynamaq lazımdır. Nəticə yalnız bu cür qazanılır. Azacıq boşalan kimi qol buraxırıq.
- Bütün futbolçular Samir Əliyevin yaxşı baş məşqçi olduğunu deyirlər. Amma siz konsentasiyanızın çatışmadığını deyirsiniz. Maraqlıdır, baş məşqçi futbolçuları sonadək kökləyə bilmir?
- Samir müəllim nəinki oyunda, hətta hər bir məşqdə bizə "köklənməlisiniz" deyir. O, günahkar deyil. Hamı da bunu başa düşür. Günahkar - futbolçulardır. Mən də həmçinin.
- Sonda Rail Məlikovla probleminə aydınlıq gətirərdin...
- Biz artıq onunla telefonla danışıb problemi həll etmişik. Hər şey qaydasındadır. Railə də, AZAL-a da uğurlar arzulayıram. Nə olmuşdusa, keçmişdə qaldı.