"Qəbələ" klubu noyabrın 20-də Türkiyənin "Hürriyet” qəzetində dərc olunmuş "Beşiktaş taraftarları transfer oldu” başlıqlı məqalə ilə bağlı açıqlama yayıb. Sportnet.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, özünü "Beşiktaş” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə klubumuzun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində "qırmızı-qaralar"ı oyunlarda dəstəkləyəcəklərini və yerli fanat qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirib.
Klub təəssüf və təəccüblə bildirir ki, dərc olunan yazı həqiqətdən uzaqdır: "Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib. Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş "Qəbələ”-"Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna "Beşiktaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilib. Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız "Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləmişdir və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməyib".
"Qəbələ" bir daha vurğulayıb ki, klubun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir.