"Qəbələ" - "Şiroki Briyeq" matçından sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Dorinel Muntyanu bütün məsuliyyəti öz üzərinə götürüb. Sportnet.az-ın oyuna ezam olunan əməkdaşının məlumatına görə, rumıniyalı mütəxəssis ümidini itirmədiyini bildirib.
- Mən sevinə bilmərəm. Bütün məsuliyyət mənim boynumdadır. Məğlub olduğumuza görə hər kəsdən üzr istəyirəm. Rəqib komandanın futbolçuları ən azı 1.5 ildir ki, bir yerdədir. Sözsüz ki, cavab oyununda biz 3 qol vurub, möcüzə yaratmağa çalışacağıq. Öz oyunçularıma təşəkkür edirəm ki, bu oyunda əmək sərf etdilər. Onlar da bunu çox istəyirdi, amma alınmadı.
- Komandada problem nədir?
- 2 həftədir birgə işləməyə başlamışıq və mənim əlimdə lazımı qədər futbolçu yoxdur. İlk hissədə başabaş oynadıq.
- Yeni heyət qurursunuz və bu heyətdə Levin kimi futbolçular Sizə lazımdır?
- Mən deyərdim ki, Levin yaxşı futbolçudur. Siz onu niyə bəyənmirsiniz?
- Hansı mövqeləri gücləndirmək fikriniz var?
- Mən bunu rəhbərliklə müzakirə etmişəm. Məğlubiyyətdən sonra media qarşısında deyə bilmərəm ki, mənə hansı oyunçular lazımdır.
- Məğlubiyyəti öz üzərinizə götürürsünüz. Konkret olaraq bu Sizin, yoxsa meydandakı futbolçuların günahıdır?
- Bu normal haldır ki, mən oyunçularımı qoruyuram və öz sözümün arxasında dayanıram.
- Futbolçu ucbatından məğlub olduqda, hansısa cəza verilir. Əgər məsuliyyəti öz üzərinizə götürürsünüzsə, hansı cəzanı verirsiniz?
- Mən oyunu analiz etməliyəm. Gedib indi başımı kəsəcəyəm.
Rövşən ƏHLİMANOĞLU